Bu il diabetlə bağlı proqramın icrasına 35 milyon manatdan çox vəsait ayrılıb
Şəkərli diabet bütün ölkələrin iqtisadiyyatına, eyni zamanda, xəstə insanların ailə büdcəsinə ciddi şəkildə təsir edir. Təkcə onu deyək ki, il ərzində dünya ölkələrində bu xəstəliyə sərf olunan vəsait 550 milyard dollara bərabərdir. BMT Baş Assambleyasının şəkərli diabetlə bağlı qəbul etdiyi qətnamə bütün dünya ölkələrində bu xəstəliyə olan münasibətdə əhəmiyyətli dönüş yaradıb.
AZƏRTAC xəbər verir ki, Səhiyyə Nazirliyinin baş endokrinoloqu, Milli Məclisin deputatı Rafiq Məmmədhəsənovun dediyinə görə, respublikamızda da diabetlə bağlı problemlərə böyük diqqət yetirilir. MDB ölkələri arasında birinci olaraq Azərbaycan Respublikasında “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” Qanun qəbul edilib. Qanun əsasında Azərbaycan hökuməti şəkərli diabet üzrə Dövlət Proqramı qəbul edib. 2006-cı ildən başlayaraq bu Proqramın icrası üçün dövlət büdcəsindən maliyyə vəsaiti ayrılır. Ötən illərlə nisbətən bu vəsaitin həcmi xeyli artırılıb və 2014-cü ilin dövlət büdcəsində Maliyyə Nazirliyinin təqdim etdiyi büdcə paketində diabetlə bağlı proqramın icrasına 35, 8 milyon manat vəsait ayrılıb.
Onun sözlərinə görə, vəsaitin artırılması nəticəsində ölkəmizdə diabetli xəstələrin insulin və digər dərman preparatları ilə təminatı yaxşılaşıb. Bu il diabetli uşaqların müalicəsi üçün Səhiyyə Nazirliyinin Respublika Endokrinoloji Mərkəzinə 90 ədəd pompa və birillik istismar materialı verilib.
R. Məmmədhəsənov onu da bildirib ki, əvvəlki illərdən fərqli olaraq, bundan sonra diabet xəstələrinə lazım olan bütün material və dərmanlar Səhiyyə Nazirliyi tərəfindən paylanacaqdır.