BU İL SAHİBKARLARA 4,6 MİLYON MANAT GÜZƏŞTLİ KREDİT VERİLMİŞDİR
Ölkəmizdə özəl bölmənin inkişafına böyük diqqət və qayğı göstərilir, sahibkarlığa dövlət maliyyə dəstəyi gücləndirilir. Sahibkarların investisiya layihələrinin güzəştli qaydada kreditləşdirilməsində Sahibkarlığa Kömək Milli Fondunun xüsusi rolu vardır.
İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, 2008-ci ildə bu məqsədlə dövlət büdcəsindən 80 milyon manat vəsait ayrılması nəzərdə tutulur. Bu vəsaitin 6 milyon manatı Naxçıvan Muxtar Respublikasında sahibkarlığın inkişafına yönəldiləcəkdir. Sahibkarlığa Kömək Milli Fonduna ayrılan vəsaitin güzəştli kredit şəklində sahibkarlıq subyektlərinə verilməsi müvəkkil kredit təşkilatı kimi seçilmiş 29 kommersiya bankı, 1 qeyri-bank kredit təşkilatı və 4 kredit ittifaqı tərəfindən həyata keçirilir.
İlkin olaraq Fondun xəzinəsinin hesabına 10 milyon manat vəsait köçürülmüşdür. Artıq müvəkkil kredit təşkilatları tərəfindən respublikanın 21 şəhər və rayonu üzrə 55 sahibkarlıq subyektinin investisiya layihələrinin maliyyələşdirilməsinə 4,6 milyon manat güzəştli kredit ayrılmışdır.
Ayrılan kreditlər, əsasən, sənaye və kənd təsərrüfatı məhsullarının istehsalı, emalı, kəndli fermer təsərrüfatlarının, turizm infrastrukturunun inkişafı layihələrinin maliyyələşdirilməsinə yönəldiləcəkdir.
Maliyyələşdirilmiş layihələrin 82 faizi respublikanın bölgələrinin payına düşür.
2008-ci ilin ötən dövründə Sahibkarlığa Kömək Milli Fondunun vəsaitindən verilmiş güzəştli kreditlər hesabına maliyyələşdirilən layihələrin həyata keçirilməsi nəticəsində 650-dən çox yeni iş yerinin yaradılacağı gözlənilir.