Bu il Şəkidə 1065 hektarda tütün əkini proqnozlaşdırılır
Şəki, 30 yanvar, Mustafa Dadaşov, AZƏRTAC
2020-ci ildə Şəki rayonunun təsərrüfatlarında 1065 hektar sahədə tütün əkini proqnozlaşdırılır. Əkin sahələrinin 850 hektarına “Virciniya botaniki” növlü, 215 hektarına isə yerli tütün sortları əkiləcək.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Sahib Abdulhəmidov məlumat verib.
Sektor müdirinin sözlərinə görə, tütünçülüyün inkişafına dövlət tərəfindən yüksək diqqətin göstərilməsi, bu sahəyə subsidiyaların ayrılması, güzəştli kreditlərin verilməsi şəkili fermerlərin də tütünçülüyə marağını xeyli artırıb. Keçən il rayonda tütünün əkini, becərilməsi və yığılması işlərinə 2200-dən çox kənd sakini cəlb olunub. Tütünçülüklə məşğul olan 189 fermerə ötən il istehsal etdikləri 2 min 247 ton quru tütünə görə dövlət büdcəsinin vəsaiti hesabına hər tonuna 50 manat hesabı ilə 112 min 347 manat məbləğində subsidiya ödənilib.
O bildirib ki, hazırda əhaliyə məxsus şəxsi təsərrüfatlarda tütün şitillərinin yetişdirilməsi üçün istehsalçılar tərəfindən sadə istixanaların hazırlanması işlərinə başlanılıb. Toxum səpiləcək sahələr şumlanır, hamarlanır. Ümumiyyətlə, tütün şitillərinin yetişdirilməsi üçün fevral ayı ərzində təsərrüfatlarda 53 min kvadratmetr sahədə şitilxanaların hazırlanması planlaşdırılır.