Bu il Şəmkirin 36 yaşayış məntəqəsində kümçülərə ipəkqurdu toxumu veriləcək
Şəmkir, 16 aprel, Famil Quliyev, AZƏRTAC
Bu il Şəmkirin 36 yaşayış məntəqəsində kümçülərə ipəkqurdu toxumu veriləcək.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə Şəmkir Rayon İcra Hakimiyyətində baramaçılığın inkişafı ilə bağlı keçirilən müşavirədə məlumat verilib.
Müşavirədə çıxış edən rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov bildirib ki, kənd təsərrüfatının yüksək gəlir gətirən sahələrindən olan baramaçılığın əvvəlki şöhrətini qaytarmaq üçün dövlət başçısının tapşırığına əsasən, ölkənin bütün bölgələrində olduğu kimi, Şəmkir rayonunda da bu sahəyə ciddi diqqət göstərilir.
Alimpaşa Məmmədov deyib ki, baramaçılıq Şəmkir üçün çox önəmli sahələrdən biridir: “Biz bu sahəyə xüsusi diqqət ayırmalıyıq. Prezident İlham Əliyev də Azərbaycan üçün ən vacib kənd təsərrüfatı sahələrinin inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayarkən, bu sırada baramaçılığın da strateji məhsul kimi inkişafının vacibliyini qeyd edib”.
Digər çıxışlarda rayonda baramaçılığın inkişafı ilə bağlı görülən işlərdən danışılıb. Qeyd olunub ki, ötən illərdə rayonda Çindən gətirilən tinglərdən yeni tut bağları salınıb, 40 min tingi əkilib. Tut tinglərinin əkilməsi prosesi davam etdirilib və onların sayı 80 minə çatdırılıb. Hətta gələcəkdə bu rəqəmin daha da artırılması planlaşdırılır.
Bütün görülən işlərin nəticəsi olaraq bu il də rayonda baramaçılıqdan yüksək məhsuldarlıq gözlənilir.