Budapeştdə TÜRKSOY-un Fotoqraflar Görüşünün 20 illiyinə həsr olunmuş yubiley sərgisi açılıb
Budapeşt, 22 avqust, AZƏRTAC
Macarıstanın paytaxtı Budapeştdə TÜRKSOY Fotoqraflar Görüşünün 20 illiyinə həsr olunmuş yubiley sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, sərgi Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) ilə Lakitelek Fondunun əməkdaşlığı çərçivəsində reallaşan 20-ci Fotoqraflar Görüşü əsasında hazırlanıb. Tədbirdə Türk dünyasının müxtəlif ölkə və bölgələrindən 13 fotoqraf iştirak edib.
Fotoqrafların 11 günlük proqram çərçivəsində çəkdikləri əsərlər Budapeşt Art Bridge (BAB) Qalereyasında nümayiş olunur. Fotolarda Macarıstanın tarixi, mədəni və təbii sərvətləri geniş şəkildə əksini tapıb.
Sənətçilər Budapeşt, Pannonhalma, Kalocsa, Hortobadi və UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş Holloko kəndində çəkilişlər apararaq ölkənin tarixi abidələrini, ənənəvi sənət nümunələrini və təbiətini lentə alıblar.
Bundan əlavə, Bugacda keçirilən Böyük Hun-Türk Qurultayındakı atlı nümayişlər, milli geyimlər və mərasimlər, Hortobadi çölündəki ənənəvi çoban həyatı, Pentezug Vəhşi Atlar Qoruğundakı Prjevalski atları, eləcə də Kalocsa şəhərinin keramika, geyim və divar bəzək sənəti nümunələri də fotoqrafların diqqət mərkəzində olub.
Qeyd edək ki, TÜRKSOY-un 20 ildir təşkil etdiyi Fotoqraflar Görüşünün əsas məqsədi Türk dünyasının şəhərləri, insanları, adət-ənənələri və mədəni irsi barədə zəngin vizual arxiv yaratmaqdır.