“Büdcə anlayışı” layihəsi çərçivəsində keçirilən ilk təlim başa çatıb
Naxçıvan, 21 may, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin təşkilatçılığı ilə Naxçıvan şəhərindəki Heydər Əliyev adına tam orta məktəbdə “Büdcə anlayışı” layihəsi çərçivəsində keçirilən ilk təlim başa çatıb.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, məktəbin direktoru Namiq Məmmədov və Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin direktoru, iqtisad üzrə fəlsəfə doktoru Sevinc Cabbarova tədbirin əhəmiyyətindən ətraflı söhbət açıblar.
Maliyyə Nazirliyinin Büdcə şöbəsinin sektor müdiri Səkinə Qəhrəmanova slaydlar vasitəsilə “Büdcə anlayışı” mövzusunda çıxışı dinlənilib, tədbirin interaktiv hissəsində Maliyyə Tədris Mərkəzinin baş mütəxəssisi Zəhra İsmayılova interaktiv oyun vasitəsilə şərti ailənin gəlir və xərclərini müqayisəli təhlil edib.
Yetmişdən çox məktəblinin iştirak etdiyi tədbirdə şagirdlərin təqdimatı dinlənilib və səmərəli büdcə planlaşdırılması qaydaları ətrafında müzakirələr aparılıb.
Sonda məktəbin kitabxanasına oxunması zəruri olan kitabların siyahısına daxil edilmiş kitablar verilib.
Qeyd edək ki, təlimlərin muxtar respublikanın bir necə şəhər və rayon məktəblərində də keçirilməsi nəzərdə tutulub.