İQTİSADİYYAT
Buzovna qəsəbəsinin Abşeron küçəsində təmir işləri davam edir
Bakı, 23 sentyabr, AZƏRTAC
Vətəndaşların gediş-gəlişində xüsusən payız-qış mövsümündə yaranan problemlərin aradan qaldırılması istiqamətində Bakı şəhəri və onun qəsəbələrində icra olunan tədbirlər Xəzər rayonunu da əhatələyir. Bu çərçivədə rayonun Buzovna qəsəbəsində Abşeron küçəsi, döngə 21 ünvanında aparılan təmir işləri davam edir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata əsasən, sözügedən küçənin təmir olunan hissəsinin uzunluğu 1500 metr, eni isə ortalama 6 metrdir.
Yenidənqurma işləri çərçivəsində küçəboyu köhnə asfalt örtük frezlənib, zəruri yerlərdə yararsız qrunt çıxarılıb, əks-dolğu işləri aparılıb. Hazırda ərazidə yeni yol əsasının inşası və yeni asfalt-beton örtüyünün döşənməsi icra olunur.
Layihənin sonuncu mərhələsində avtonəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün yol-cizgi və yolgöstərici xətlər çəkilməklə müasir yol infrastrukturu yaradılacaq.
Həmçinin cari ilin “İnvestisiya Proqramı”na uyğun olaraq Xəzər rayonunun Mərdəkan, Binə, Buzovna, Qala və Zirə qəsəbələri ərazisində ümumi uzunluğu 26,5 kilometr təşkil edən küçə və yolun təmiri aparılır.
2021-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq isə rayonun Binə, Buzovna və Qala qəsəbələrində ümumi uzunluğu 16,3 kilometr olan küçə və yolların təmiri işləri görülüb.