CARİ İLİN İLK YARISINDA 7,9 MİN MƏNZİL ÖZƏLLƏŞDİRİLMİŞDİR
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, ölkədə 2008-ci il iyulun 1-dək ümumi dəyəri 212,2 milyon manat olan 49 min 445 kiçik müəssisə və obyekt, o cümlədən 945 sənaye, 123 kənd təsərrüfatı, 3 min 919 ticarət, 1.125 iaşə müəssisəsi, 581 tikinti təşkilatı, 10 min 169 məişət xidməti, 691 yanacaqdoldurma məntəqəsi, 20 min 346 nəqliyyat müəssisəsi və nəqliyyat vasitəsi, 202 kommunal təsərrüfatı obyekti və 11 min 344 digər dövlət müəssisəsi, obyektləri və avadanlıq özəlləşdirilmişdir.
Cari ilin ilk yarısında ümumi dəyəri 26,2 milyon manat olan 967 kiçik müəssisə və obyekt özəlləşdirilmişdir. Bu proses Naxçıvan Muxtar Respublikası, Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan şəhərlərində və Şəki, Lənkəran, Ağdaş, Qazax, Quba, Neftçala, Naftalan rayonlarında daha fəal aparılmışdır.
Altı ayda nizamnamə kapitalının məbləği 6,2 milyon manat olan 8 dövlət müəssisəsi, o cümlədən 4 tikinti, 1 sənaye, 1 kənd təsərrüfatı, 1 nəqliyyat və 1 digər müəssisə səhmdar cəmiyyətinə çevrilmişdir.
Yarım ildə 429 dövlət müəssisəsinin yerləşdiyi torpaq sahələrinin özəlləşdirilməsindən 8,5 milyon manat vəsait əldə edilmişdir.
Altı ayda səhmlərin ümumi dəyəri 30,1 milyon manat olan 82 səhmdar cəmiyyətinin səhmləri hərraca çıxarılmış və onların 4,3 milyon manatlıq hissəsi satılmışdır. 1,1 milyon manatlıq səhmlər qapalı abunə yolu ilə əmək kollektivlərinə və çek hərraclarında, 3,2 milyon manat məbləğində səhmlər isə pullu hərraclarda satılmışdır.
Cari il yanvar-iyununda ölkə sakinləri tərəfindən ümumi sahəsi 513,5 min kvadratmetr olan 7,9 min mənzil özəlləşdirilmişdir. Özəlləşdirmənin başlandığı vaxtdan iyulun 1-dək 397,4 min mənzil və ya özəlləşdirilməsi nəzərdə tutulmuş bütün mənzillərin 64,3 faizinin özəlləşdirilməsi başa çatdırılmışdır.