Cavad Cavadlının 100 illiyinə həsr edilmiş kitabın təqdimatı olub
Bakı, 22 sentyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında görkəmli şair, jurnalist və yazıçı Cavad Cavadlının 100 illik yubileyi münasibətilə qızı Jalə Cəfərovanın “Nə yaxşı ki, Atam sənsən...” kitabının təqdimatı keçirilib.
Akademiyadan AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli təqdimatı keçirilən kitabın Cavad Cavadlı şəxsiyyətini gerçəkliyi ilə əks etdirdiyini bildirib. O, kitabda yazıçı-publisist və şair Cavad Cavadlının keşməkeşli həyat yolu, zəngin yaradıcılığı və çoxşaxəli ictimai fəaliyyətinin müxtəlif baxış bucaqlarından işıqlandırıldığını söyləyib. AMEA rəhbəri, həmçinin nəşrdə şairin publisistik irsindən seçmələrin, müasirlərinin xatirələrinin, görkəmli alimlərin elmi təhlillərinin, doğmalarının ürək sözlərinin, eləcə də ədibin ömür yolunu əks etdirən fotosalnamənin yer aldığını diqqətə çatdırıb.
AMEA rəhbəri xatırladıb ki, Jalə Cəfərovanın əvvəllər işıq üzü görmüş, böyük rəssam İbrahim Səfərov haqqındakı kitabı da daxil olmaqla mühüm xidmətləri hər zaman diqqət mərkəzində olub.
Sonra AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi filologiya elmləri doktoru, professor Akif İmanlı çıxış edərək Cavad Cavadlının həyat və yaradıcılığı, eləcə də onun haqqında toplanmış xatirələr barədə fikirlərini bölüşüb. O, kitabda akademik İsa Həbibbəylinin məqaləsinin yer aldığını qeyd edərək, bu tədqiqatın şairin ədəbi irsinin müasir elmi baxış bucağından dərindən təhlili və qiymətləndirilməsi baxımından müstəsna əhəmiyyət kəsb etdiyini vurğulayıb. Akif İmanlı, həmçinin Cavad Cavadlı ilə tanışlıq illərindən, şairlə keçirilən unudulmaz görüşlərdən bəhs edib.
Sonra görkəmli ədib Cavad Cavadlının zəngin ömür yolu, yaradıcılığı və mənəvi irsindən bəhs edən sənədli film nümayiş etdirilib.
Tədbirdə, həmçinin Türkiyədən olan qonaqlar – şair-publisist Cahit Günay və natiq, yazıçı, səsləndirmə sənətçisi Arzu Yılmaz Dağdemir çıxış edərək Cavad Cavadlı irsinin Türk dünyası üçün böyük mənəvi dəyər kəsb etdiyini vurğulayıb, şairin yaradıcılığından şeirlər səsləndiriblər.
Tərcüməçi, muzeyşünas, filologiya üzrə fəlsəfə doktoru Məhəbbət Mehdiyeva Cavad Cavadlının dərin zəkalı və incə ruhlu bir şəxsiyyət olduğunu vurğulayıb. O, kitabı mütaliə etdikdən sonra Cavad Cavadlının şəxsiyyətini və yaradıcılığını tamamilə yeni bir baxışla, daha dərindən tanıdığını bildirib. Məhəbbət Mehdiyeva ictimaiyyətə təqdim edilən bu nəşrin sadəcə bir kitab deyil, müəllifin atasına olan sonsuz övlad sevgisinin və ehtiramının parlaq nümunəsi olduğunu qeyd edib.
Daha sonra kitabın müəllifi Jalə Cəfərova atası haqqında xatirələrini bölüşüb. O, tədbirin ərsəyə gəlməsində əməyi keçən hər kəsə dərin minnətdarlığını bildirib.
Sonda “Nə yaxşı ki, Atam sənsən...” kitabının imzalanma mərasimi keçirilib.