Cəbhə bölgəsində yerləşən Füzuli rayonunda tibbi müayinələrə indiyədək 50 min sakin cəlb olunmuşdur
Füzuli, 4 aprel (AZƏRTAC, Tahir Ağaməmmədov). Ölkə vətəndaşlarının tibbi müayinədən keçirilməsi ilə bağlı Prezident İlham Əliyevin tapşırığı respublikamızın hər yerində olduğu kimi, cəbhə bölgəsində yerləşən Füzuli rayonunda da uğurla icra olunur.
AZƏRTAC xəbər verir ki, bu mühüm aksiyanın gedişini müzakirə etmək məqsədi ilə Füzuli Rayon İcra Hakimiyyəti başçısının yanında Şuranın geniş yığıncağı keçirilmişdir. Yığıncaqda indiyədək görülmüş işlər təhlil olunmuş, qarşıda duran vəzifələr müəyyənləşdirilmişdir.
Bildirilmişdir ki, əhalinin sağlamlığının qorunmasına yönələn aksiyanın yüksək mütəşəkkilliklə keçirilməsini təmin etmək üçün rayonda xüsusi komissiya yaradılmış, tibb ocaqlarında iş qrafiki tərtib edilmişdir. Rayon sakinləri Horadiz şəhər, Əhmədbəyli və Qayıdış xəstəxanalarında, Mərkəzi Rayon Xəstəxanasında və Müalicə Diaqnostika Mərkəzində müayinədən keçirilir. Səyyar həkim briqadaları isə müayinəyə gəlmək imkanları olmayan sakinlərə evlərdə xidmət göstərirlər. Fevral və mart aylarında rayonun 50 min nəfərə yaxın sakini tibbi müayinədən keçmişdir. Onlardan 691 nəfəri ambulator, 226 nəfəri stasionar müalicəyə cəlb edilmiş, 57 nəfər respublikanın ixtisaslaşmış xəstəxanalarına göndərilmişdir.
Yığıncaqda əhalinin tibbi müayinəsinin uğurla başa çatdırılmasını təmin etmək üçün qarşıda duran vəzifələrdən danışılmış, əlaqədar təşkilatların rəhbərlərinə tapşırıqlar verilmişdir.