Cəbrayıldan olan 15 min məcburi köçkün tibbi müayinədən keçmişdir
Biləsuvar, 14 mart (AZƏRTAC). Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən respublikamızın hər yerində olduğu kimi, Biləsuvar rayonunda məskunlaşmış Cəbrayıldan olan məcburi köçkünlərin tibbi müayinəsi də uğurla davam edir.
AZƏRTAC xəbər verir ki, rayon sakinlərinin kütləvi müayinədən keçirilməsi üçün qəsəbələrdəki tibb ocaqlarında hər cür şərait vardır. Terapevt, ginekoloq, kardioloq, pediatr və digər ixtisaslardan olan peşəkar həkim briqadaları tərəfindən kompyuter tomoqrafiyası, ultrasəs müayinəsi, exokardioqrafiya, qastroskopiya və digər müayinələr aparılır.
Bu məqsədlə yaradılmış komissiyanın sədri, rayon icra hakimiyyəti başçısının müavini Fəridə İbayeva AZƏRTAC-a bildirmişdir ki, humanitar aksiya çərçivəsində 1 saylı şəhər xəstəxanası ilə yanaşı, qəsəbələrdə yerləşən həkim məntəqələri də gücləndirilmiş iş rejimində çalışır. Yüksək ixtisaslı mütəxəssislərdən ibarət 3 həkim briqadası tərəfindən aksiya başlanandan bu günədək 15009 nəfər tibbi müayinədən keçirilmişdir. Xəstəlik aşkar olunan sakinlər ambulator və stasionar müalicəyə cəlb edilmiş, yerli şəraitdə müalicəsi mümkün olmayan xəstələr isə Bakı şəhərinə göndərilmişdir.
Tibbi müayinədən keçmiş 3 saylı qəsəbənin sakini Kamilxan Rüstəmova AZƏRTAC-a müsahibəsində xəstəxanalarda yaradılan şəraitdən, müayinənin təşkilindən razılığını ifadə edərək demişdir: “Həkimlər məni hərtərəfli yoxladılar. İndi səhhətim sarıdan tam arxayınam. Ölkə vətəndaşlarının sağlamlığına göstərdiyi bu diqqət və qayğıya görə dövlətimizin başçısı cənab İlham Əliyevə, eləcə də həkimlərə hədsiz minnətdarıq”.