Cəbrayıllı məcburi köçkünlər tibbi müayinədə fəal iştirak edirlər
Biləsuvar, 20 fevral (AZƏRTAC). Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən respublikamızın hər yerində olduğu kimi, Biləsuvar rayonunda cəbrayıllı məcburi köçkünlər üçün salınmış qəsəbədə də əhalinin tibbi müayinəsi uğurla davam edir.
AZƏRTAC xəbər verir ki, rayon sakinlərinin kütləvi dispanserizasiyası üçün hər cür şərait yaradılmışdır. Əhalinin sağlamlığının qorunmasına yönələn bu mühüm aksiyanı müvəffəqiyyətlə başa çatdırmaq üçün rayon icra hakimiyyəti başçısının sərəncamı ilə komissiya yaradılmış, tibb ocaqlarında dəqiq iş qrafiki tərtib olunmuşdur.
Komissiyanın sədri, rayon icra hakimiyyət başçısının müavini Fəridə İbayeva AZƏRTAC-a bildirmişdir ki, müayinələr 1 saylı şəhər xəstəxanasında və qəsəbədə yerləşən iki tibb məntəqəsində aparılır. Yüksək ixtisaslı mütəxəssislərdən ibarət 3 həkim briqadası tərəfindən bu günədək 707 nəfər tibbi müayinədən keçmişdir. Müxtəlif xəstəliklər aşkarlanmış 64 şəxs rayon xəstəxanasında müalicə olunacaqdır .
Bir saylı şəhər xəstəxanasında tibbi müayinədən keçən qəsəbə sakini Leyli Məmmədov AZƏRTAC-a müsahibəsində yaradılan şəraitdən, aksiyanın təşkilindən razılığını bildirərək demişdir: Həkimlər məni hərtərəfli müayinə etdilər. Müayinə zamanı məndə şəkərli diabet aşkarlandı. Dərhal ambulator müalicəyə cəlb olundum. Biz köçkünlər sağlamlığımıza göstərilən bu diqqət və qayğıya görə Prezident İlham Əliyevə hamılıqla minnətdarıq.