Cəlilabadda Beynəlxalq Könüllülər Gününə həsr olunan regional tədbir keçirilib
Cəlilabad, 4 dekabr, İlkin Adıyev, AZƏRTAC
Cəlilabad rayonunda Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin və Cəlilabad Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Konstitusiya və Suverenlik İli" çərçivəsində 5 Dekabr - Beynəlxalq Könüllülər Günü münasibətilə "Suveren dövlətdə inamlı gələcəyə doğru" adlı regional tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdən əvvəl qonaqlar könüllü gənclərin əl işlərindən ibarət sərgiyə baxıblar.
Tədbirdə Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra "Könüllülər Günü"nə həsr olunan videoçarx nümayiş etdirilib.
Çıxış edən gənclər ölkəmizdə könüllülük fəaliyyətinin əhəmiyyətindən, gənclərin ictimai həyatda fəallığından və dövlət-gənclər siyasətinin əsas istiqamətlərindən söz açıblar.
Sonda respublikamızın ictimai həyatında fəal iştirakına görə fərqlənən gənclərə Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi tərəfindən fəxri fərmanlar təqdim olunub.
Tədbir bədii proqramla davam edib.