Cəlilabadın Alar kəndində yeni park istifadəyə verilib
Cəlilabad, 7 iyul, AZƏRTAC
"Şəhərsalma və Memarlıq İli" çərçivəsində Cəlilabad rayonunda həyata keçirilən abadlıq və quruculuq işləri davam edir. Növbəti layihə rayonun Alar kəndində reallaşdırılıb. Alar bələdiyyəsinin təşəbbüsü ilə salınan yeni park artıq kənd sakinlərinin istifadəsinə verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yeni istirahət məkanı müasir infrastrukturu və yaşıllığı ilə diqqət çəkir. Parkın ərazisində geniş abadlıq işləri aparılıb, dekorativ ağac və gül kolları əkilib, yaşıllıq zolaqları salınıb. Burada sakinlərin rahat istirahəti üçün oturacaqlar və söhbətgahlar quraşdırılıb, müasir işıqlandırma sistemi və fəvvarə inşa edilib. Uşaqların asudə vaxtlarını səmərəli keçirmələri məqsədilə müxtəlif əyləncə attraksionları da parkın istifadəsinə verilib.
Açılış mərasimində rayon icra hakimiyyətinin rəsmiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Müxbir- İlkin Adıyev