Cəlilabadda şadlıq sarayında saxta alkoqollu içkilərin istehlaka təqdim edilməsinin qarşısı alınıb
Bakı, 8 iyun, AZƏRTAC
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Cəlilabad rayonunun Əliqasımlı kəndində Malik Musaxan oğlu Şirəliyevə məxsus “Ülviyyə” şadlıq sarayında yoxlama aparıblar.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, şadlıq sarayında normativ-hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib.
Agentliyin əməkdaşları tərəfindən “Gold Organic” əmtəə nişanlı mənşəyi məlum olmayan saxta alkoqollu içkilər aşkar edilərək kənarlaşdırılıb. Normativ texniki tələblərə cavab verməyən məhsullarla bağlı məhdudlaşdırıcı qərar qəbul edilib.
Faktla bağlı inzibati protokol tərtib edilib, nümunələr götürülərək laborator müayinələrə cəlb olunub.
Araşdırmalar davam etdirilir.