REGİONLAR
Cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran əsas problemlərdən biri də narkomaniyadır
Sumqayıt, 25 iyun, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıt Şəhər Heydər Əliyev Mərkəzində 26 İyun - Narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı ümumdünya mübarizə gününə həsr edilən “Ağ ölümə yox deyək!” adlı “dəyirmi masa” keçirilib. Tədbir Sumqayıt Şəhər İcra Hakimiyyətinin və Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə reallaşıb.
AZƏRTAC xəbər verir ki, tədbiri açan Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini, narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Sumqayıt şəhər komissiyasının sədri Teymur Səmədov “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar görülən işlər barədə ətraflı məlumat verib. Bildirilib ki, son bir il yarım dövrdə şəhərdə 48 kiloqram narkotik vasitə aşkar edilərək məhv edilib, 50 narkoman qeydiyyata götürülüb. Sumqayıtda istifadəyə verilən Şahmat və İncəsənət məktəbləri, digər sosial-mədəni obyektlər, yaradılan bulvar gənclərin asudə vaxtlarının səmərəli keçirilməsinə xidmət edir.
Sumqayıt şəhər prokurorunun müavini Kamran Mahmudov narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə dair qanunvericilik bazasının təkmilləşdirilməsi və aparılan dövlət siyasətindən danışıb. Şəhər polis idarəsinin rəis müavini Hikmət Qasımov narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə dair görülmüş işlər barədə çıxış edib. Şəhər təhsil şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru Nizami Namazov narkomaniya və psixotrop maddələrin insan sağlamlığına vurduğu fəsadlardan danışıb. Sumqayıt Bələdiyyəsinin sədri Soltan Əsədov ağ ölümlə mübarizədə ictimaiyyətin rolu və ictimai qınağın vacibliyini önə çəkib. Narkoloji Dispanserin həkimi Vüsal Cabbarov narkotik vasitələrdən asılı şəxslərin aşkar edilməsi və onlara tətbiq olunan müalicə-reabilitasiya tədbirləri barədə məlumatlandırıb.
Çıxışlarda bildirilib ki, bu gün cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran problemlərdən biri narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıqdır. Təəssüflə qeyd olunub ki, narkomaniyaya qarşı mübarizə sahəsində xeyli iş görülməsinə baxmayaraq, hələ də problemlər qalır. Narkomaniyanın qarşısının alınması üçün dövlət orqanları, ictimai təşkilatlar, ictimaiyyət nümayəndələri, təhsil işçiləri və valideynlərin birgə mübarizə aparmasının vacibliyi vurğulanıb.
Tədbir diskussiya şəklində davam edib.