“Sağlam məhəllə” layihəsi çərçivəsində bölgələrdə idman zonaları istifadəyə verilib
Bakı, 4 iyul, AZƏRTAC
Prezidentin müvafiq Sərəncamına əsasən həyata keçirilən “Sağlam məhəllə” layihəsi çərçivəsində Naftalan, Samux və Mingəçevirdə idman zonaları istifadəyə verilib.
Gənclər və İdman Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, açılış mərasimlərində gənclər və idman naziri Fərid Qayıbov, icra hakimiyyətlərinin başçıları, rayon ictimaiyyətinin nümayəndələri, sakinlər və gənc idmançılar iştirak ediblər.
Hər bir “Sağlam məhəllə”də minifutbol və basketbol meydançaları, stolüstü tennis, şahmat və trenajor avadanlıqları quraşdırılıb. Fərid Qayıbov idman qurğularında məşq edən uşaqlarla və məhəllə sakinləri ilə söhbət edib.
Qeyd edək ki, indiyədək Bakı şəhərində və müxtəlif rayonlarda 21 “Sağlam məhəllə” layihəsi icra olunub.