Xankəndi ölkənin əsas turizm marşrutlarından birinə çevrilir – turist sayı ilbəil artır
Xankəndi, 4 iyul, AZƏRTAC
Yay mövsümünün başlanması ilə əlaqədar Xankəndi şəhərinə həm yerli, həm də xarici turistlərin axını müşahidə olunur.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, bu günlərdə Xankəndiyə ölkənin müxtəlif bölgələrindən, eləcə də xarici ölkələrdən gələn qonaqların sayında nəzərəçarpacaq artım var. Xankəndiyə səfər edən turistlər şəhərin tarixi və müasir simasını əks etdirən məkanlarla yanaşı, burada aparılan genişmiqyaslı tikinti-quruculuq və abadlıq işlərini də maraqla izləyirlər. Müasir yaşayış məhəllələri, inzibati binalar, sosial infrastruktur obyektləri, abadlaşdırılan küçə və prospektlər, parklar, istirahət məkanları qonaqların daha çox diqqətini cəlb edir.
Turist fəallığı ictimai iaşə, ticarət və xidmət sahələrində də canlanmaya səbəb olub. Mütəxəssislərin fikrincə, dövlət tərəfindən həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri, təhlükəsiz mühit və müasir infrastruktur Xankəndinin yaxın illərdə Azərbaycanın əsas turizm marşrutlarından birinə çevrilməsi üçün əlverişli zəmin yaradır.
Müxbir - Tahir Ağaməmmədov