Deputat: Prezident İlham Əliyevin fəaliyyəti xalqın yüksək etimadına söykənir
Bakı, 4 iyul, AZƏRTAC
Prezident İlham Əliyevin fəaliyyətinə ölkə vətəndaşlarının münasibətini öyrənmək, bu sahədə dinamikanı və tendensiyaları təhlil etmək məqsədilə keçirilən ictimai rəy sorğusunun nəticələri dövlətimizin başçısına göstərilən yüksək etimadı bir daha nümayiş etdirir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Azər Allahverənov səsləndirib.
Deputat bildirib ki, sorğunun nəticələri Prezident İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasət kursuna vətəndaşların yüksək dəstəyini və ictimai etimadını əks etdirir. Dövlətimizin başçısının həyata keçirdiyi siyasət Azərbaycanın regionda mövqeyinin möhkəmlənməsinə, ölkənin iqtisadi, siyasi və diplomatik imkanlarının genişlənməsinə mühüm töhfə verir.
“Azərbaycanın müxtəlif sahələrdə qazandığı uğurlar, əldə olunan möhtəşəm nailiyyətlər həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə yüksək qiymətləndirilir. Müxtəlif dövlət və hökumət başçılarının Azərbaycanla əməkdaşlığa xüsusi önəm verməsi də həyata keçirilən siyasətin nəticəsi kimi dəyərləndirilə bilər. Prezident İlham Əliyevin beynəlxalq münasibətlər sistemində formalaşdırdığı siyasi imic ölkənin xarici siyasətinin uğurlarını əks etdirən əsas göstəricilərdən biridir. Müxtəlif ölkələrin liderləri, o cümlədən ABŞ-nin Prezidenti Donald Tramp tərəfindən Azərbaycanla əməkdaşlığın əhəmiyyətinin vurğulanması da ölkənin beynəlxalq nüfuzunun artmasının göstəricisidir. Bu baxımdan Azərbaycanın xarici siyasəti praqmatik, milli maraqlara əsaslanan və uzunmüddətli strateji hədəflərə xidmət edən kurs kimi qiymətləndirilir. Dövlətimizin başçısının fəaliyyəti müxtəlif istiqamətləri əhatə etsə də, bütün addımlar vahid strateji məqsədə xidmət edir”, - deyə deputat vurğulayıb.
Azər Allahverənov bildirib ki, Prezident İlham Əliyevin fəaliyyətinin əsas dayaqlarından biri xalqın ona göstərdiyi etimaddır. Bu qarşılıqlı etimad milli maraqların qorunması istiqamətində daha qətiyyətli qərarların qəbul edilməsinə şərait yaradır.
Deputat, həmçinin qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Cənubi Qafqazda yeni siyasi reallıq formalaşıb və regionda Azərbaycanın mövqeyi daha da güclənib. Bölgədə sabitliyin möhkəmlənməsi beynəlxalq nəqliyyat və inteqrasiya layihələrinin həyata keçirilməsi üçün əlverişli şərait yaradıb. Dünyanın müxtəlif bölgələrində münaqişələrin davam etdiyi bir şəraitdə Cənubi Qafqazda sabitliyin təmin olunması xüsusi əhəmiyyət daşıyır. Vətən müharibəsində qazanılan tarixi Zəfər nəticəsində Azərbaycanın ərazi bütövlüyü bərpa olunub, işğala son qoyulub və ölkə ərazisində separatçılıq aradan qaldırılıb. Bu nailiyyətlər Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin mühüm nəticələridir.