Almaniyada Alis Vaydel və Tino Xrupalla yenidən AfD-nin həmsədrləri seçiliblər
Berlin, 5 iyul, AZƏRTAC
Almaniyanın Erfurt şəhərində keçirilən ifrat sağçı Almaniya üçün Alternativ (AfD) partiyasının ikigünlük federal qurultayında partiyanın həmsədrləri Alis Vaydel və Tino Xrupalla yenidən bu vəzifəyə seçiliblər.
AZƏRTAC xəbər verir ki, A.Vaydel nümayəndələrin 81,3 faizinin, Tino Xrupalla isə 70,05 faizinin dəstəyini qazanıb. Əvvəlki qurultayla müqayisədə A.Vaydel səslərini artırdığı halda T.Xrupallanı dəstəkləyənlərin sayı bir qədər azalıb. Təxminən 600 nümayəndənin iştirak etdiyi qurultayda partiyanın bundan sonra da ikili rəhbərlik modeli ilə fəaliyyətini davam etdirməsi təsdiqlənib.
Qurultay Almaniyada son illərin ən genişmiqyaslı etiraz aksiyalarından biri fonunda keçirilib. Polisin məlumatına görə, Erfurtda AfD-yə qarşı keçirilən aksiyalarda 30 mindən çox insan iştirak edib. Nümayişçilər qurultayın keçirildiyi sərgi mərkəzinə gedən yolları bağlamağa cəhd göstəriblər.
İctimai asayişin qorunması üçün Almaniyanın müxtəlif əyalətlərindən 6 minə yaxın polis əməkdaşı cəlb edilib. Aksiyalar zamanı ayrı-ayrı qruplarla polis arasında toqquşmalar baş verib, pirotexniki vasitələrdən və boya paketlərindən istifadə olunub. Polis etirazçılara qarşı bibər qazı və rezin dəyənəklərdən istifadə edib. Yerli medianın məlumatına görə, hadisələr zamanı bir neçə jurnalist də hücuma məruz qalıb.