Cənubi Koreya Prezidenti KXDR-ABŞ sammitinə qoşula bilər
Bakı, 31 may, AZƏRTAC
Koreya Respublikasının Prezidenti Mun Ce-in KXDR-ABŞ sammiti keçirilən zaman Sinqapura səfər edə və Koreya müharibəsinin başa çatması ilə bağlı formal saziş imzalaya bilər.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bunu Cənubi Koreya Prezidenti administrasiyasının rəsmi nümayəndəsi mayın 31-də KİV-lər üçün keçirilən brifinqdə bildirib. Onun sözlərinə görə bu, sammit iştirakçılarının tədbirdə iştirak etmək üçün Mun Ce-ini dəvət edəcəyi təqdirdə baş tuta bilər. Lakin hazırda administrasiya mümkün üçtərəfli sammitə hazırlıq işləri görmür.
Yonhap agentliyi isə öz növbəsində Cənubi Koreya Prezidentinin Sinqapura səfərinin KXDR və ABŞ nümayəndələri arasında davam edən məsləhətləşmələrin nəticələrindən asılı olacağını qeyd edib. Bir qədər əvvəl Mavi ev yüksək vəzifəli əməkdaşlarının artıq şəhər-dövlətə yollandığını təsdiqləyib.
Qeyd edək ki, “düşməncəsinə bəyanatlar” səbəbindən görüşün keçirilməsinin mümkünsüzlüyü barədə KXDR lideri Kim Çen Ina məktub göndərməsinə baxmayaraq, ABŞ Prezidenti Donald Tramp ötən həftə Birləşmiş Ştatların əvvəlki kimi iyunun 12-də keçirilməsi planlaşdırılan tarixdə ilk Şimali Koreya-Amerika sammitinə istiqamətləndiyini bildirib.
Yüksək səviyyəli görüşdə, ilk növbədə, Koreya yarımadasının nüvəsizləşdirilməsi məsələsinin müzakirə olunacağı gözlənilir.