Çağırışçı gənclər hərbi xidmətə yola salınıb
Naxçıvan, 19 yanvar, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsində gənclərin müddətli həqiqi hərbi xidmətə yola salınması mərasimi olub.
AZƏRTAC xəbər verir ki, tədbirdə əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Azərbaycan Respublikası Müharibə Veteranları və Şəhid Ailələri Naxçıvan Muxtar Respublika Təşkilatının Naxçıvan şəhər şöbəsinin sədri Sultan İsmayılov və Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri Naxçıvan Muxtar Respublika Təşkilatının Naxçıvan şəhər şöbəsinin sədri Zahid Cəfərov çıxışlarında hərbi xidmətə yola salınan gənclərə uğurlar arzulayıblar.
Valideyn Dünyamalı Babayev çağırışçı gənclərə xoş arzularını çatdırıb.
Çağırışçılar adından çıxış edən Amal Abasquliyev Vətənə xidmət etməyin onlar üçün ən ali borc olduğunu bildirib, bu vəzifəni şərəflə yerinə yetirəcəklərinə söz verib.
Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı İsmayıl Gülməmmədov çıxışında qeyd edib ki, orduda xidmət etmək Vətənə xidmətdir. Xalq-ordu birliyi imkan verir ki, biz müstəqilliyimizi daha inamla qoruyaq.
Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsinin rəisi vəzifəsini icra edən polkovnik-leytenant Sultan Zamanov çıxış edərək bildirib ki, Azərbaycan dövləti inkişaf edib qüdrətləndikcə ordumuzun da hərbi qüdrəti artır. Güclü ordu isə düşmənə hər an layiqli cavab verməyə qadirdir. Ordumuzun yüksək əhval-ruhiyyəli əsgərlərinin, güclü maddi-texniki bazasının olması düşmənə gözdağıdır. İnanırıq ki, bu gün hərbi xidmətə yola saldığımız gənclər ordumuzun qorxmaz, cəsur və layiqli əsgərləri olacaqlar.
Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başa çatıb.