Çap mediası subyektlərinin nümayəndələri üçün təlim təşkil olunub
Bakı, 25 noyabr, AZƏRTAC
Medianın İnkişafı Agentliyi tərəfindən təşkil edilən peşəkar inkişaf layihələrinin davamı olaraq çap mediası subyektlərinin nümayəndələri üçün DHA, “Hürriyet” qəzetinin xəbər koordinatoru Fırat Karadenizin iştirakı ilə təlim keçirilib.
Agentlikdən AZƏRTAC-a bildiriblər ki, təlimdə Fırat Karadeniz “Çap mediasında yeni texnologiyaların tətbiqi: innovativ biznes modelləri, müasir inkişaf tendensiyaları”, “Çap mediasında yayımlanan məzmunun yeni formatlara uyğunlaşdırılması”, “Müasir oxucunun tələblərinə uyğun məzmunun təqdimatı” mövzularında təcrübəsini bölüşüb, iştirakçıların suallarını cavablandırıb.
Qarşılıqlı fikir mübadiləsi ilə zəngin olan təlimdə yeni media mühitində çap mediası subyektlərinin konvergensiya prosesinin aktiv iştirakçısına çevrilməsinin və çap mediasının müasir standartlara uyğunlaşdırılmasının əhəmiyyəti xüsusilə vurğulanıb.