Çempionlar Liqasının iştirakçılarını UEFA Avropada qaçqınlara kömək etməyə çağırır
Bakı, 14 sentyabr, AZƏRTAC
Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Çempionlar Liqasında iştirak edən klubları Avropada qaçqınlara kömək etməyə çağırır. Bu barədə TASS agentliyinə UEFA-nın mətbuat xidmətinin rəhbəri Pedro Pinto məlumat verib.
Bundan əvvəl Portuqaliyanın “Portu” klubu UEFA-nın prezidenti Mişel Platiniyə rəsmi məktubla müraciət edərək Avropada qaçqınlara və immiqrantlara yardım proqramını təklif edib. Portuqaliyalılar Çempionlar Liqasının iştirakçısı olan bütün komandalara “Miqrantlar üçün oynayırıq” devizi altında keçirilən aksiyaya qoşulmağı və öz meydanlarında keçirilən ilk iki turun matçlarına satılan biletlərin hərəsinə görə bir avro ianə verməyi təklif edirlər.
Pinto deyib: “UEFA “Portu”nun bu təşəbbüsünü birmənalı şəkildə alqışlayır və biz qalan klubları da bu təklifi dəstəkləməyə çağırırıq. İndi UEFA qaçqınlara dəstək məqsədilə xeyriyyə fondu vasitəsilə maliyyələşdiriləcək əlavə proqram hazırlayır”.
Pinto daha sonra əlavə edib: “UEFA qaçqınlara kömək etməyə çalışır. Biz İordaniyada suriyalı qaçqınlar düşərgəsini 2013-cü ildən dəstəkləyirik və bu sosial məsuliyyətə görə qürur duyuruq. Bizim təşkilatımız həmin düşərgədəki uşaqların həyat şəraitinin yaxşılaşdırılmasına sanballı töhfə verib”.
Menxenqladbaxın “Borussiya” klubu da “Portu”nun təşəbbüsünü dəstəkləyib. Alman klubu ilə İngiltərənin “Mançester Siti” komandası arasında keçiriləcək matçda anşlaq olacağı gözlənilir. Beləliklə, “Borussiya”nın ianəsinin məbləği təqribən 46 min avro olacaq.
Madridin “Real” klubu isə daha əvvəl bildirib ki, İspaniyadakı qaçqınlar üçün bir milyon avro ianə verəcək. Bu aksiyaya Almaniyanın “Bavariya” klubu da qoşulub.