REGİONLAR
Çexiyalı iqtisadçılar Mingəçevir Dövlət Universitetinin tələbələrinə təlim keçirlər
![](/files/galleryphoto/2015/3/1200x630/14474899535771540666_1200x630.jpg)
![](/files/galleryphoto/2015/3/1200x630/14474899532966915824_1200x630.jpg)
Mingəçevir, 14 noyabr, Şahnəzər Bəşirov, AZƏRTAC
Mingəçevir Dövlət Universitetində Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Erasmus Mundus” proqramının “İnfinity” layihəsi üzrə təlim kurslarına başlanılıb.
AZƏRTAC xəbər verir ki, bu məqsədlə Çexiyanın Ostrava Texniki Universitetinin tanınmış pedaqoqları Eva Kolcunova və David Slavata Mingəçevirə səfər ediblər. Mingəçevir Dövlət Universitetinin rektoru Akif Hacıyev qonaqlara Mingəçevirə şəhər statusunun verilməsinin 67-ci ildönümü ərəfəsində gəldiklərinə görə təşəkkürünü bildirib. Rektor universitet haqqında, əldə edilən uğurlar barədə məlumat verib.
Təlim kursunun rəhbəri, iqtisad elmləri üzrə fəlsəfə doktoru Eva Kolcunova universitetə atdığı ilk addımdan isti münasibət gördüyünü, onlara göstərilən diqqət və qayğıdan məmnun olduğunu qeyd edib. Eva Kolcunova Azərbaycan xalqının qonaqpərvər və yüksək mədəniyyətə malik olduğunu vurğulayıb. O, Mingəçevir və Ostrava universitetləri arasında tələbə və müəllim mübadiləsi məqsədilə görüşlərin noyabrın 30-na kimi davam edəcəyini bildirib. Eva Kolcunova Mingəçevir Dövlət Universitetinin iqtisadiyyatla bağlı ixtisasları üzrə təhsil alan tələbələrinə “Davranış iqtisadiyyatı” və “Emosional iqtisadiyyat” üzrə təlim keçəcəyini qeyd edib.
İqtisad elmləri üzrə fəlsəfə doktoru David Slavata da Mingəçevir Dövlət Universitetində olmasından məmnunluğunu bildirib. O, tədqiqatçı kimi Avropa ölkələrinin daşınmaz əmlak strukturu və daşınmaz əmlak bazarını araşdırdığını qeyd edib və bu sahədə fikirlərini tələbələrlə bölüşməyə çalışacağını vurğulayıb.
Sonra qonaqlar universitetdə tələbələr üçün yaradılan şəraitlə, tədris prosesi ilə tanış olublar.
Mingəçevir Dövlət Universiteti “İnfinity” layihəsi üzrə artıq bir neçə ildir Portuqaliya, Çexiya, Sloveniya və Estoniya universitetləri ilə də əməkdaşlıq edir.