DÜNYA
ÇİN DÜNYADA ƏN BÖYÜK ELEKTRİKSTANSİYASI TİKMƏK İSTƏYİR
AZƏRTAC xarici kütləvi informasiya vasitələrinə istinadla xəbər verir ki, Çin yer üzündə ən böyük günəş elektrik stansiyası tikməyi planlaşdırır. Obyektin tikintisi üçün ölkənin şimal-qərbində Qansu əyalətində 31 min 200 kvadratmetr sahə müəyyənləşdirilmişdir. Kalininqrad əyalətinin sahəsindən təqribən iki dəfə böyük olan bu ərazi ölkənin ən günəşli hissəsidir.
100 meqavat gücündə olacaq günəş elektrik stansiyasının inşası layihə üzrə 603 milyard yuana (766 milyon dollar) başa gələcəkdir. Tikintinin 5 ilə başa çatdırılması güman edilir. Müqayisə üçün bildirək ki, yer üzündə ən iri günəş elektrik stansiyası Almaniyanın Leypsiq şəhərindədir. Onun gücü cəmi 5 meqavatdır.
Günəş elektrik stansiyasından istifadə Çinə iqtisadiyyatın inkişaf sürətinin kömür sənayesindən asılılığını azaltmağa imkan verəcəkdir. Hazırda kömür sənayesi ölkənin elektrik enerjisinə olan tələbatının 70 faizini təmin edir.