ÇİN SƏFİRLİYİNDƏ QƏBUL
Aprelin 2-də Çinin Bakıdakı səfirliyi Çin Xalq Respublikası ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlər yaradılmasının on illiyi münasibətilə qəbul təşkil etmişdir.
İki ölkənin dövlət himnləri səsləndi.
Çinin Bakıdakı səfiri Çjan Siyun çıxış edərək bildirdi ki, onun ölkəsinin rəhbərliyi Azərbaycan ilə əməkdaşlığa böyük əhəmiyyət verir. Ölkələrimiz arasında diplomatik münasibətlərin cəmi 10 il əvvəl qurulmasına baxmayaraq, bu dövr ərzində bütün istiqamətlərdə əməkdaşlıq yaradılmışdır. Hər iki ölkə beynəlxalq təşkilatlarda əksər məsələlərdə vahid mövqedən çıxış edir.
Sonra Milli Məclisin sədri Murtuz Ələsgərov çıxış etdi. O dedi ki, Azərbaycan Prezidenti Heydər Əliyev və Çin Xalq Respublikasının Sədri Tszyan Tszyemin ölkələrimiz arasında diplomatik münasibətlər yaradılmasının 10 illiyi münasibətilə təbrik teleqramları göndərmişlər. Azərbaycan Prezidenti Heydər Əliyevin 1994-cü ilin martında Çin Xalq Respublikasına etdiyi və ölkələrimiz arasında çoxsahəli əməkdaşlığın bünövrəsini qoymuş rəsmi səfəri və Ümumçin Xalq Nümayəndələri Məclisi Daimi Komitəsinin Sədri Li Penin 2000-ci ilin iyununda Azərbaycana rəsmi səfəri iki dost dövlətin münasibətlərinin inkişafına təkan vermişdir.
Azərbaycan parlamentinin sədri bildirdi ki, dövlətimizin başçısının səfəri zamanı ikitərəfli münasibətlərin hüquqi bazasını müəyyənləşdirən sənədlər imzalanmışdır. Iki ölkə arasında dostluq və əməkdaşlıq münasibətlərinin möhkəm əsası var və bu münasibətlər bundan sonra da genişlənəcəkdir.
Qəbulda Azərbaycanın ARDNŞ-in birinci vitse-prezidenti, Milli Məclisin deputatı İlham Əliyev, Azərbaycan Prezidentinin İcra Aparatının şöbə müdirləri Əli Həsənov, Novruz Məmmədov, respublika parlamentinin deputatları, xarici ölkələrin səfirləri, digər rəsmi şəxslər iştirak edirdilər.