Çində keçirilən akademik forumun iştirakçıları Azərbaycanın xəstəxana sistemi barədə məlumatlandırılıb
Pekin, 26 iyun, AZƏRTAC
Çinin Sincan Uyğur Muxtar Rayonunun paytaxtı Urumçi şəhərində 7-ci “Kəmər və Yol” Akademik Forumu keçirilir.
AZƏRTAC xəbər verir ki, Çinin “Kəmər və Yol” təşəbbüsünün tibbi və elmi sahələrdə beynəlxalq əməkdaşlıqla inkişafına yönələn forumda dünyanın müxtəlif ölkələrindən tanınmış ekspertlər, səhiyyə qurumlarının rəhbərləri və elmi mərkəzlərin nümayəndələri iştirak edirlər. Tədbirdə Azərbaycanı Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunun böyük elmi işçisi, tibb üzrə fəlsəfə doktoru Vüsal Hacıyev və institutun baş həkimi Afiyəddin İsgəndərov təmsil edirlər. V.Hacıyev “Azərbaycanın xəstəxana sistemi: islahatlar, nailiyyətlər və inkişaf perspektivləri” mövzusunda məruzə ilə çıxış edib. Təqdimat böyük maraqla qarşılanıb.
Məruzədə 2018-ci ildən sonra ölkə səhiyyəsində aparılan struktur islahatları — tənzimləyici, sifarişçi və xidmət göstərən funksiyaların ayrılması, 2021-ci ildən tətbiq olunan icbari tibbi sığorta və universal əhatə diqqətə çatdırılıb. Bildirilib ki, son illərdə dövlət tərəfindən səhiyyəyə ayrılan vəsait dəfələrlə artırılıb, rəqəmsal səhiyyə sahəsində beynəlxalq akkreditasiyalar (HIMSS, ESC/EHRA) qazanılıb, 2025-ci ildə isə Azərbaycanda bütün Cənubi Qafqaz regionunda ilk dəfə ürək transplantasiyası uğurla həyata keçirilib. Məruzəçi institutun prioritet elmi-tədqiqat istiqamətləri — regenerativ tibb və kök hüceyrələri sahəsindəki araşdırmalar, eləcə də ürək çatışmazlığı və ürəyə mexaniki dəstək cihazlarının tətbiqi üzrə Çinlə əməkdaşlıq imkanlarından da bəhs edib.
Forum iştirakçılarını və təşkilatçıları Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru professor Gülnaz Dadaşova videomüraciət vasitəsilə salamlayıb. O, tədbirin əhəmiyyətini qeyd edərək, Azərbaycanla forum iştirakçısı ölkələr arasında səhiyyə sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.
Tədbir çərçivəsində Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunun baş həkimi Afiyəddin İsgəndərov ilə Sincan Uyğur Muxtar Rayonunun Xalq Xəstəxanası arasında kardiologiya sahəsində əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb. Sənəd birgə elmi-tədqiqat layihələri, təcrübə mübadiləsi və kadr hazırlığı üçün hüquqi zəmin yaradır.
Azərbaycan nümayəndələrinin bu mötəbər beynəlxalq forumda iştirakı ölkəmizin səhiyyə sisteminin inkişafı, elmi nailiyyətlərin beynəlxalq aləmdə tanıdılması və regional əməkdaşlığın genişlənməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Son illər Azərbaycan ilə Çin arasında səhiyyə sahəsində əməkdaşlıq nəzərəçarpacaq dərəcədə güclənib və bu forum həmin əməkdaşlığın daha da dərinləşdirilməsinə xidmət edir.