ÇİNGİZ XANIN TÜRBƏSİ TAPILMIŞDIR
Yaponiyanın Kokuqakuin və Niiqata universitetlərinin arxeoloqlar qrupu bildirmişdir ki, türbənin xarabalıqları XIII-XV əsrlərə aiddir.
Çingiz xanın basdırıldığı yer indiyədək naməlum idi. Çünki fatehin özünün vəsiyyətinə əsasən, qəbri gələcək qarətlərdən qorumaq üçün onun üzərində heç bir işarə qoyulmamış, dəfn edənlər isə sonradan edam olunmuşlar.
Niiqata Universitetinin dosenti Noriyuki Siraisinin fikrincə, o dövrün türbələri ilə sərdabələri arasındakı orta məsafə nəzərə alınarsa, belə nəticəyə gəlmək olar ki, Çingiz xanın torpağa tapşırıldığı yer aşkar edilmiş xarabalıqların 12 kilometrliyi həndəvərindədir.
Arxeoloqlar qazıntı işlərinə 2001-ci ildə Xentiy əyalətinin Delgerxan kəndi yaxınlığında başlamışlar. Çingiz xanın sarayının - Böyük Ordonun burada yerləşdiyi ehtimal olunur. Çox keçmədən onlar bir tərəfi 25 metr uzunluğunda olan divarın özülünü aşkar etmişlər. Özülün üzərində divar dirəkləri üçün 40 santimetr enində dəliklər qorunub saxlanmışdır.
Alimlər xarabalıqlar arasında qurbangah aşkar etdikdən sonra türbənin Çingiz xana məxsus olması qənaətinə gəliblər. Onların fikrincə, həmin qurbangahda böyük sərkərdənin ruhunu yad etmək üçün at yandırırlarmış. Tarixi sənədlərdə bu cür mərasimlər təsvir olunur.
Xarabalıqlarda tapılmış əjdaha rəsmli bühurdanlar XIV əsrə aid İran salnaməsində də xatırlanır. Sənəddə qeyd olunur ki, Çingiz xanın Böyük Ordosu onun qəbrindən azca aralıdadır və orada göstərilən formada bühurdanlarda daim ətir yandırılır.
Qazıntılar 2007-ci ilədək davam etdiriləcəkdir.