Çinin Anhui Universitetinin nümayəndə heyəti BDU-da olub
Bakı, 16 iyun, AZƏRTAC
Bakı Dövlət Universitetində (BDU) Çin Xalq Respublikasının Anhui Universitetinin vitse-prezidenti Huan Çısyanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.
BDU-nun rektoru Elçin Babayev Anhui Universiteti ilə əməkdaşlığın tələbə mübadiləsi, birgə təhsil proqramları, elmi tədqiqatlar və ikili diplom layihələrini əhatə edən genişmiqyaslı akademik tərəfdaşlığa çevrildiyini bildirib. Rektor BDU, Çin Xalq Respublikası Təhsil Nazirliyinin Dil Təhsili və Əməkdaşlıq Mərkəzi və Anhui Universiteti arasında bakalavriat səviyyəsində filologiya (Çin dili və ədəbiyyatı) ixtisası üzrə birgə ikili diplom proqramına dair üçtərəfli müqavilənin, eləcə də Anhui Universiteti ilə optoelektronika, yarımkeçirici cihazlar və texnologiyalar, mikroelektronika və nanoelektronika ixtisasları üzrə ikili magistr dərəcələrinin verilməsi haqqında müqavilənin imzalanmasının iki universitet arasında elmi və akademik əlaqələrin möhkəmlənməsinə, tələbələr üçün qabaqcıl təhsil və tədqiqat imkanlarının yaradılmasına və müasir çağırışlara cavab verə biləcək ixtisaslı kadrların hazırlanmasına mühüm töhfə verdiyini qeyd edib.
Görüş zamanı tərəflər tələbə və müəllim mübadiləsi proqramlarının genişləndirilməsi, yeni ikili diplom imkanlarının araşdırılması, birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsi, birgə laboratoriyanın yaradılması və beynəlxalq qrant proqramlarında ortaq iştirak perspektivlərini müzakirə ediblər. Rəqəmsallaşma, innovasiya və təhsil texnologiyaları sahəsində təcrübə mübadiləsinin gücləndirilməsinin, həmçinin fizika sahəsində yeni açılan birgə ikili diplom proqramlarının əhəmiyyəti vurğulanıb. Həmçinin elmi əməkdaşlığa xüsusi diqqət yetirilməsi və birgə elmi-tədqiqat laboratoriyasının, bundan əlavə, Çin dilinin tədrisi ilə bağlı doktorantura səviyyəsində birgə ikili diplom proqramının yaradılması məsələləri müzakirə olunub.