ÇİNİN DOQQUZ AĞIRLIQQALDIRANI DÜNYA REKORDLARINI TƏZƏLƏMİŞDİR
Bakı, 28 oktyabr (AZƏRTAC). Tszinan şəhərində planetdə son illərin ən güclü yığma komandası üçün mövsümün əsas ölkədaxili yarışları olan Ümumçin oyunları başa çatmaqdadır.
Mübarizə aparan idmançıların adlarına və əldə edilən nəticələrə görə, ağır atletika üzrə turnir ən mötəbər yarışa çevrilmişdir. Çinin doqquz idmançısı ağır atletika üzrə rəsmi dünya rekordlarını təzələmiş, dörd atlet isə rekordları təkrarlamışdır.
Yeni dünya rekordları əsasən qadınların turnirində əldə edilmişdir. 48 kiloqram çəki dərəcəsində Van Mentszyuan birdənqaldırma (99 kq), təkanla qaldırma (121 kq) və iki hərəkət cəmində (220 kq) yüksək göstəriciləri üstələmişdir.Yan Lyan da birdənqaldırma (99 kq) və iki hərəkət cəmində əvvəlki rekordu təzələmişdir. 53 kiloqram çəki dərəcəsində Li Pin birdənqaldırma (103 kq), təkanla qaldırma (132 kq) və iki hərəkət cəmində (235 kq) dünya rekordu əldə etmişdir. Tsyu Xonsya iki hərəkət cəmində (226 kq) əvvəlki göstəricini təkrarlamışdır. 58 kiloqram çəki dərəcəsində Lyu Syuin birdənqaldırma (111 kq) və iki hərəkət cəmində (251 kq) dünya göstəricisini təkrar etmişdir.
63 kiloqram çəki dərəcəsində eyni vaxtda üç qadın idmançı yüksək nəticələr əldə etmişdir. Quan Sinley təkanla qaldırma (147 kq) və iki hərəkət cəmində (265 kq), Yuan Syaofan birdənqaldırma (122 kq) və iki hərəkət cəmində (265 kq) dünya rekordlarını təzələmiş, Li Liin iki hərəkət cəmində (257 kq) əvvəlki göstəricini təkrarlamış və birdənqaldırma (121 kq) üzrə dünya göstəricisini yaxşılaşdırmışdır. 69 və 75 kiloqram çəki dərəcələrində Çinin qadınlardan ibarət yığma komandasının liderlərinin səviyyəsi çoxlarını təəccübləndirmişdir. 75 kiloqramdan çox çəki dərəcəsində Çjou Lulu birdənqaldırma (148 kq) üzrə dünya rekordu əldə etmiş, Tsi Sinxay isə təkanla qaldırma (186 kq) üzrə rekordu təzələmişdir.
Kişilər arasında keçirilmiş yarışlarda 56 kiloqram çəki dərəcəsində Lon Tsinqan təkanla ağırlıqqaldırma üzrə dünya rekordu müəyyənləşdirilmişdir. Lyao Xay 69 kiloqram çəki dərəcəsində iki hərəkət cəmində (358 kq) yüksək nəticə əldə etmiş, Yan Fan 62 kiloqram çəki dərəcəsində iki hərəkət cəmində (326 kq) dünya rekordunu təkrarlamışdır.