Çinli mütəxəssislər ADU-nun Konfutsi İnstitutunun fəaliyyətini yüksək qiymətləndiriblər
Bakı, 7 may, AZƏRTAC
Çin İctimai Elmlər Akademiyası (ÇİEA) və Xuchou Universitetinin nümayəndələri Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda olublar.
ADU-dan AZƏRTAC-a bildirilib ki, görüşdə qonaqlara Konfutsi İnstitutunun təhsil və maarifləndirmə fəaliyyəti barədə məlumat verilib. Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov İpək Yolu İqtisadi Kəmərinin infrastrukturunun yaradılması və inkişafında, tarixi İpək Yolunun bərpasında Azərbaycanın geostrateji roluna həsr olunan elmi seminarların keçirilməsinin əhəmiyyətini qeyd edib. O, həmçinin sivilizasiyalararası dialoq, multikulturalizm və tolerantlığın təşviqi, enerji təhlükəsizliyi, nəqliyyat və digər sahələrdə əməkdaşlığın geniş perspektivlərinin olduğunu qeyd edib. R.Abbasov Prezident İlham Əliyevin 2015-ci ildə Çinə dövlət səfərini xatırladıb, çinli mütəxəssislərin iştirakı ilə Çinin “Bir kəmər - bir yol” konsepsiyasının reallaşdırılması mövzusunda birgə elmi araşdırmaların həyata keçirilməsində maraqlı olduqlarını vurğulayıb.
Qonaqlar Konfutsi İnstitutunun Çin dili və tədrisi üzrə fəaliyyətini, eyni zamanda, Azərbaycan cəmiyyətini Çinin tarixi, mədəniyyəti və müasir həyatı ilə tanış etməsini, ADU-nun Azərbaycan və Çin xalqları arasında ənənəvi dostluq əlaqələrinin gücləndirilməsinə böyük töhfə verməsini yüksək qiymətləndiriblər.
Azərbaycanla bağlı təəssüratlarını bölüşən “Xaricdə Sosial Elmlər” jurnalının baş redaktoru Zhang Shuhua səfər çərçivəsində maraqlı elmi konfrans keçirildiyini və Konfutsi İnstitutu ilə elmi əməkdaşlığın inkişafına böyük maraq göstərildiyini vurğulayıb.
Sonda iki təşkilat arasında elmi əməkdaşlıq perspektivləri və birgə layihələrin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Qonaqlara ADU-nun Konfutsi İnstitutunun Çin dilində hazırladığı “İlham Əliyev - iki qədim xalqın dostluğunun müasir davamçısı” kitabı və Azərbaycan dilində hazırladığı ÇXR-in Sədri Si Cinpinin dövlət idarəçiliyinin müasir konsepsiyasına və Çin rəhbərliyinin siyasi strategiyasına həsr olunmuş çıxışlarının əsas tezislərindən ibarət kitab hədiyyə edilib.