“CNN Arabic” telekanalı Azərbaycan kulinariyası barədə növbəti reportajını yayımlayıb
Qahirə, 28 noyabr, AZƏRTAC
“CNN Arabic” telekanalının “Azərbaycan kulinariyasına eksklüziv tur” rubrikasında növbəti reportajda milli mətbəximizin ən ləziz təamlarından biri olan Şəki pitisindən bəhs olunub.
AZƏRTAC xəbər verir ki, CNN telekanalının Dubay bürosunun ərəbcə hazırladığı reportajda pitinin hazırlanması resepti təqdim edilib. Aparıcı qeyd edib ki, bu kalorili və ləziz təam qış aylarında yerli sakinlərin və Şəkiyə gələn turistlərin ən çox bəyəndiyi yeməkdir. Reportajda Şəki sakinləri və əcnəbi turistlərdən müsahibələr təqdim edilib, həmçinin Azərbaycanın bu qədim şəhərinin görməli yerləri nümayiş olunub.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə