Coğrafiya İnstitutu beşillik elmi tədqiqat planını təsdiq edib
Bakı, 29 yanvar, AZƏRTAC
Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu Elmi şurasının iclası keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, iclasa sədrlik edən müəssisənin direktoru, akademik Ramiz Məmmədov gündəlikdə duran məsələ ilə iştirakçıları tanış edib. O bildirib ki, işğaldan azad edilmiş Qarabağ bölgəsində tədqiqatların bərpasına, ərazinin fiziki, iqtisadi və insan coğrafiyasının öyrənilməsinə böyük ehtiyac var. Ona görə də Qarabağın fundamental olaraq öyrənilməsi institut əməkdaşlarının öndə duran ən vacib vəzifələrindən biridir.
Coğrafiya İnstitutunun 2021-2025-ci illər üçün nəzərdə tutduğu elmi tədqiqat işlərinin planı müzakirəyə qoyulub. Bəzi dəyişiklik və təkliflər nəzərə alınaraq 2 problem - Azərbaycan Respublikası ərazisində qlobal iqlim dəyişmələrinin yaratdığı ekstremal halların ətraf mühitə və sosial-iqtisadi şəraitə təsirinin qiymətləndirilməsi və adaptasiya təkliflərinin hazırlanması və Xəzər dənizi ekosisteminin kompleks tədqiqi üzrə 5 mövzu Elmi şura tərəfindən təsdiq edilib.
İclasda, həmçinin digər məsələlər müzakirə olunub.