Coğrafiya İnstitutunda elmi şöbələrin hesabatları davam edir
Bakı, 23 noyabr, AZƏRTAC
Coğrafiya İnstitutunda şöbələrin elmi və elmi-təşkilati fəaliyyətinin yekunları barədə hesabatların təqdimatı davam edir.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.
Bildirilib ki, institutun Elmi şurasının növbəti iclasında Turizm və rekreasiya coğrafiyası şöbəsinin hesabatı dinlənilib. Coğrafiya üzrə fəlsəfə doktoru, dosent Zaur İmrani rəhbərlik etdiyi şöbənin “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin turizm-rekreasiya ehtiyatları və inkişaf perspektivləri (2021-2025-ci illər)” mövzusunun birinci mərhələsi olan “Qarabağ iqtisadi-coğrafi rayonunun təbiət abidələrindən turizm məqsədilə istifadə imkanları” elmi işinin yerinə yetirilməsinin yekunu haqqında təqdimatla çıxış edib. Bildirib ki, 2022-ci ildə tədqiqat işi prosesində alınmış mühüm nəticələr Qarabağ iqtisadi-coğrafi rayonunun hər bir inzibati rayonu üzrə ayrılıqda təbii və antropogen turizm ehtiyatlarının qruplaşdırılması, floristik və faunistik abidələr arasında “Qırmızı kitab”a daxil olan nümunələrin müəyyənləşdirilməsi və müharibə dövründə nəsli kəsilmək üzrə olanların sayının daha da çox olduğunun müşahidə edilməsidir.
Şöbə əməkdaşlarının “Veb of Sciences” nəşrlərində 5 məqaləsi, müxtəlif nəşrlərdə isə 13 məqalə, 2 atlas və kontur xəritələr, 3 monoqrafiya dərc edilib. Hesabatda həmçinin konfranslarda iştirak, elmi kadrların hazırlanması, təltif və mükafatlar haqqında da məlumat verilib.
Qeyd edək ki, indiyədək institutun Elmi şurasında 9 şöbənin hesabatı dinlənilərək qəbul edilib.