Coğrafiya İnstitutunda mülki müdafiə dəstələrinin məşqi keçirilib
Bakı, 24 noyabr, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun illik tədbirlər planına uyğun olaraq müəssisənin mülki müdafiə dəstələri ilə “Fövqəladə hallar zamanı mülki müdafiə qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda “Xəbərdarlıq” və “Toplanış” məşqi keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, məşqi keçirməkdə məqsəd fövqəladə halların qarşısının alınması, hadisə baş verərsə, “Toplanış” və “Xəbərdarlıq” siqnalı alındığı zaman şəxsi heyətin davranış qaydaları təcrübəsinin artırılması, bacarıqların təkmilləşdirilməsi, hazır vəziyyətə gətirilməsinin öyrənilməsidir.
Coğrafiya İnstitutunun mülki müdafiə qərargahının rəisi Namazəli Mustafayev müvafiq sahə üzrə qanunvericilik sənədlərini diqqətə çatdırıb. Təhlükəli hallar zamanı institut mülki müdafiə dəstələrinin rəhbər heyəti tərəfindən mülki müdafiə planına uyğun hərəkət etmələrini tövsiyə edərək baş verəcək təhlükəli halların aradan qaldırılmasında görüləcək işlər haqqında məlumat verib.
Son zamanlar yanğın hadisələrinin artdığını vurğulayan N.Mustafayev fövqəladə vəziyyətdən minimum tələfat və itki ilə çıxma yolları və davranış qaydaları haqqında təlimat verib, fövqəladə hadisələrin nəticələrini aradan qaldırarkən xəbərdarlıq və idarəetmə qaydalarının sxemi üzrə hərəkət edilməsinin vacibliyini bildirib. Ümumi təlimatlardan danışan qərargah rəisi fövqəladə hallar zamanı yaranan vəziyyətlərdən çıxış yollarını izah edib.
Mövzu ətrafında çıxış edən İnstitut Həmkarlar Təşkilatının sədri, coğrafiya üzrə fəlsəfə doktoru Habil Haqverdiyev, şöbə müdirləri, coğrafıya elmləri doktoru Səid Səfərov və Müseyib Yunusov, Kadrlar şöbəsinin müdiri Rəsul İsmayılov bildiriblər ki, hər bir vətəndaş istər yaşayış, istərsə də iş yerində ayıq-sayıq olmalı, şübhəli vəziyyətlərdə xoşagəlməz halların baş verməməsi üçün hadisələrə çevik müdaxilə etməyə hazır olmalıdır.
Məşq zamanı yanğından müdafiə qaydalarını əks etdirən videoçarxlar nümayiş etdirilib.