Coğrafiya İnstitutunda təcrübə keçən əcnəbi tələbələr elmi seminarda təqdimat ediblər
Bakı, 15 oktyabr, AZƏRTAC
Elm və Təhsil Nazirliyi akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu və Almaniyanın Yustus Libix Gissen Universitetinin Coğrafiya departamenti arasında bağlanmış memoranduma əsasən, təcrübə keçmək üçün Coğrafiya İnstitutuna ezam olunmuş 6 tələbə elmi seminarda təqdimatla çıxış edib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, əcnəbi tələbələrin təqdimatları “Şəki şəhəri”, “İctimai nəqliyyat: Bakı-Frankfurt”, “Almaniyada çörəyin tarixi” mövzularında olub. Onların çıxışları seminar iştirakçıları tərəfindən yüksək qiymətləndirilib, suallara verilən cavablar qənaətbəxş hesab edilib.
Tədbirin sonunda alman tələbələrə sertifikat təqdim olunub.