Coğrafiya İnstitutunda Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr edilən tədbir keçirilib
Bakı,10 dekabr, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunda Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.
Tədbirdə institutun direktoru vəzifəsini icra edən dosent Zaur İmrani bildirib ki, xalqımız hər il dekabrın 12-də Ulu Öndər Heydər Əliyevin anım gününü ehtiram və el məhəbbəti ilə qeyd edir: “Ümummilli Lider öz həyatını xalqın rifahına, dövlətimizin inkişafına həsr edib. Heydər Əliyev irsi dövlətçilik mədəniyyəti, vətənə xidmət, milli maraqların qorunması deməkdir. Onun özünün dediyi kimi, “Azərbaycan mənim ürəyimdir”, – biz də bu ideya ilə yaşayır, çalışır və gələcək nəsillərə örnək olmağa çalışırıq”.
Görkəmli siyasi və dövlət xadimi, tarix elmləri doktoru, professor Həsən Həsənov Ulu Öndər Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb, onun Azərbaycan dövləti və xalqı qarşısındakı tarixi xidmətlərindən, elm, mədəniyyət, ordu quruculuğuna sərf etdiyi əməyindən danışıb. Qeyd edib ki, Heydər Əliyevin rəhbərliyi ilə kənd təsərrüfatı və sənaye sahələrində gerilik aradan qaldırılıb, islahatlar nəticəsində böyük dəyişikliklər baş verib. Bildirilib ki, Heydər Əliyev Azərbaycan dilinin tədrisinə xüsusi önəm verib, həmçinin müəllimlərin və çoxuşaqlı kənd ailələrinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atıb.
Daha sonra Həsən Həsənov müəllifi olduğu “Azərbaycanın tarixi coğrafi atlası” ikicildliyini Coğrafiya İnstitutuna hədiyyə edib.
Sonra Ümummilli lider Heydər Əliyevin dövlətçilik siyasəti ilə bağlı sənədli film nümayiş etdirilib.
Daha sonra tədbir iştirakçıları Ulu Öndərin məzarını ziyarət ediblər, abidəsi önünə gül dəstələri qoyublar.