Coğrafiyaçı-alimlər Özbəkistan Universitetinin sertifikatına layiq görülüblər
Bakı, 4 dekabr, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu ilə Mirzə Uluqbəy adına Özbəkistan Universiteti arasında imzalanmış memoranduma əsasən, institutun direktor vəzifəsini icra edən dosent Zaur İmrani, elmi katib dosent Səidə Zeynalova, Geomorfologiya və təbii risklər şöbəsinin aparıcı elmi işçisi Samirə Abuşova tərəfindən Özbəkistan Universitetinin Coğrafiya və geoinformasiya sistemləri fakültəsinin tələbələrinə əyani və distant formatda dərslər təşkil edilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, dərslər fiziki coğrafiya, regional ölkələr və onların təbii şəraiti, təbii ehtiyatları, toponimika, məkan məlumatlarının modelləşdirilməsi, turizm və rekreasiya işinin təşkili, Türk dünyası ölkələrinin, həmçinin tarixi İpək Yolunun keçdiyi ərazilərin iqtisadi coğrafi problemləri, geomorfologiya, fundamental geologiya və digər istiqamətləri əhatə edib. İnstitutun əməkdaşları Mirzə Uluqbəy adına Özbəkistan Universitetinin rektoru tərəfindən sertifikatlarla təltif olunublar.