Coko Vidodo: İlk növbədə, diqqət zəlzələdən zərərçəkənlərin təxliyəsinə yönəldilməlidir
Tokio, 22 noyabr, AZƏRTAC
İlk növbədə, diqqət zəlzələdən zərərçəkənlərin təxliyəsinə yönəldilməlidir. Biz ilk növbədə onları xilas etməliyik.
AZƏRTAC xəbər verir ki, bu sözləri İndoneziya Prezidenti Coko Vidodo noyabrın 21-də baş verən güclü zəlzələdən sonra Qərbi Yava əyalətinin Çiancur dairəsinə səfəri zamanı deyib.
Noyabrın 22-də zəlzələdən sonra yaranan sürüşmə zonasına gələn dövlət başçısı burada təbii fəlakət nəticəsində həyatını itirənlərin yaxınlarına başsağlığı verib.
Prezident, həmçinin əlaqədar qurumların rəhbərlərinə zəlzələdən zərərçəkənlərə yardım etmək üçün bütün ehtiyatları birləşdirmək barədə tapşırıq verib.
C.Vidodo qeyd edib ki, evləri dağıntıya məruz qalmış sakinlərə 50 milyon, qismən zərər çəkənlərə 25 milyon, az ziyan dəyənlərə isə 10 milyon rupi məbləğində yardım ediləcək. Bundan əlavə, dağılmış evlərin yerində inşa olunacaq yeni tikililərin seysmik davamlılığı üçün əlaqədar nazirlik tərəfindən xüsusi tikinti materialları ayrılacaq.
İndoneziya dövlətinin başçısına məlumat verilib ki, torpaq sürüşməsi nəticəsində bağlanmış avtomobil yolunun sabah səhərədək açılacağı gözlənilir. Yolun açılışı zəlzələ nəticəsində xəsarət alanların təxliyəsinə şərait yaradacaq.
Noyabrın 21-də yerli vaxtla saat 13:21-də baş verən güclü zəlzələ nəticəsində həyatını itirənlərin sayı artmaqda davam edir. Son məlumatlara görə təbii fəlakət nəticəsində ölənlərin sayı 268 nəfərə çatıb. Daha 151 nəfərin itkin düşdüyü bildirilir.
Bununla yanaşı, 1000-dək sakinin müxtəlif dərəcəli xəsarətlər aldığı qeyd edilir. Hazırda 7 mindən çox sakinin hələ də evlərinə qayıda bilmədiyi bildirilir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio