“Cövdət Hacıyev və Məmməd Saleh İsmayılovun not əlyazmaları. Kağan dağlar” kitabı nəşr olunub
Bakı, 23 noyabr, AZƏRTAC
AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun Azərbaycan xalq musiqi tarixi və nəzəriyyəsi şöbəsi son illər “Milli musiqi irsimizin açılmamış səhifələri (Arxiv materialları əsasında)” layihəsi üzərində işləyir. Həmin layihə üzrə ərsəyə gələn yeni nəşrlərdən biri də “Cövdət Hacıyev və Məmməd Saleh İsmayılovun not əlyazmaları. Kağan dağlar” adlı kitab-notdur. Kitabın müəllifi şöbənin müdiri sənətşünaslıq doktoru, professor İradə Köçərlidir.
Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Bildirilib ki, kitab üç bölmədən ibarətdir. Birinci bölmədə müəllif el havaları arasından “Kağan dağlar” havasını seçmiş və həmin havanın adı və obrazlarının mühüm tarixi-semantik məzmun daşıdığını və xalqımızın tarixi, mifoloji, fəlsəfi düşüncələrinin izlərinin göstəricisi, qədim keçmişimizlə bağlantısı olduğunu nəzərdən keçirib. Bu baxımdan havanın etimoloji mənşəyi araşdırılıb və musiqili-nəzəri təhlili verilib. İkinci bölmədə əllidən çox Azərbaycan el havasının əlyazmalarının rəqəmsal yazıları verilib. Bu notasalmalar institutun arxivindən əldə edilmiş materiallardır. Üçüncü bölmədə isə bəzi musiqi örnəklərinin əlyazmalarının fotosurətləri yer alıb. Kitabda yer alan elmi araşdırmalar və not yazıları ilk dəfə təqdim olunur.