Culfa rayonunda bir gündə 33 cərrahiyyə əməliyyatı aparılıb
Culfa, 10 may, AZƏRTAC
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinin həkimləri tərəfindən Culfa rayonunda keçirilən humanitar tibbi aksiya çərçivəsində cərrahi müdaxiləyə ehtiyacı olan 33 xəstə üzərində bir gün ərzində, əsasən, hemoroidektomiya, fimoz və başqa əməliyyatlar aparılıb.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, yüksəkixtisaslı heyət 78 nəfəri ambulator müayinələrdən keçirib. Əməliyyatlar uğurla başa çatdırılıb, xəstələr palatalara köçürülüb, birgünlük müşahidədən sonra evlərinə buraxılıb.
Culfa rayonunun Boyəhməd kəndindən Yeganə Vəlixanova, Xanəgah kəndindən Sultan Yunisli, Dizə kəndindən Nadilə Tağıyeva başqa yerlərə getmədən, ərazidə yerləşən səhiyyə müəssisəsində pulsuz əməliyyat olunduqlarına görə minnətdarlıq ediblər.
Diaqnostika-Müalicə Mərkəzinin həkim və tibb işçiləri yerli həkimlərə tibbi avadanlıqların işləmə qaydalarını da öyrədiblər. Laboratoriyada ümumi analizlərin olunması, infeksiyaların təyini, aparatların işləmə mexanizmi onlara izah edilib.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin iş planına uyğun olaraq belə humanitar aksiyaların muxtar respublikanın digər rayonlarında da ilboyu keçirilməsi nəzərdə tutulub.