Dağ-mədən və metallurgiya sənayesində elmi potensialın artırılması dəstəklənəcək
Bakı, 23 sentyabr, AZƏRTAC
Dağ-mədən (metal filizləri) və metallurgiya sənayesi üzrə elmi potensialın artırılması, araşdırma və inkişafın dəstəklənməsi, ali təhsil müəssisələri ilə sənaye arasında əməkdaşlığın gücləndirilməsi nəzərdə tutulur.
AZƏRTAC xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair 2027–2030-cu illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsinə dair Tədbirlər Planında qeyd olunub.
Tədbirlər Planına əsasən, müvafiq sahədə elmi potensialın və ali təhsil müəssisələri ilə sənaye arasında əməkdaşlığın mövcud vəziyyətinin təhlil edilməsi nəzərdə tutulur.
Həmçinin araşdırma və inkişafın dəstəklənməsi, elm və ali təhsil müəssisələrinin sənaye ilə əməkdaşlığının genişləndirilməsi üzrə proqram və təşəbbüslərin hazırlanması planlaşdırılır.
Nəticədə elmi araşdırmaların dəstəklənməsi, elm və ali təhsil müəssisələrinin sənaye ilə əməkdaşlığı əsasında müvafiq sahədə innovasiya və kadr potensialının gücləndirilməsi gözlənilir.
Tədbirin əsas icraçıları Elm və Təhsil Nazirliyi və İqtisadiyyat Nazirliyidir. Tədbirlərin 2027–2030-cu illər ərzində həyata keçirilməsi nəzərdə tutulur.
Xatırladaq ki, Prezident İlham Əliyevin 2026-cı il 23 sentyabr tarixli Sərəncamına əsasən “Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair 2027–2030-cu illər üçün Dövlət Proqramı” təsdiq edilib.