Daha bir həmyerlimiz Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının medalına layiq görülüb
Bakı, 19 mart, AZƏRTAC
Aqrar siyasətin formalaşması və həyata keçirilməsində uzun illər məsul vəzifələrdə çalışan, beynəlxalq platformalarda ölkəmizi uğurla təmsil etmiş Xəyalə Dadaşova Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası tərəfindən “Fəxri professor” elmi adına və “Beynəlxalq qızıl ulduz” medalına layiq görülüb.
AZƏRTAC xəbər verir ki, mükafatlar Türkiyənin ölkəmizdəki səfiri Birol Akgün tərəfindən Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan təmsilçiliyinin iştirakı ilə təqdim olunub.
Qeyd edək ki, Xəyalə Dadaşova kənd təsərrüfatı və qida təhlükəsizliyi sahəsində dövlət qulluğu, o cümlədən siyasi vəzifələrdə uzun illər məsul vəzifələrdə çalışmış, beynəlxalq platformalarda ölkəni uğurla təmsil etmiş aqrar siyasətinin formalaşması və həyata keçirilməsində, həmçinin ölkəmizin fitosanitar və epizootik sabitliyinin təmin olunmasında mühüm rol oynamış və peşəkar xidmətinə görə ölkə başçısının Sərəncamı ilə “Tərəqqi” medalı ilə də təltif edilib.
Xəyalə Dadaşova beynəlxalq təşkilatlarda, xüsusilə Beynəlxalq Bitki Mühafizəsi Konvensiyasında (İPPC, İtaliya), Beynəlxalq Bitki Mühafizəsi və Karantini üzrə Avropa və Aralıq Dənizi Təşkilatında (EPPO, Fransa) ölkəmizi təmsil edərək Azərbaycan Respublikasının rəsmi əlaqələndiricisi olmaqla yanaşı, EPPO-nun maliyyə hesabatlarının yoxlanılması üzrə Komissiyanın auditoru seçilib, eyni zamanda Ümumdünya Ticarət Təşkilatına (WTO) üzvlük prosesi çərçivəsində işçi qrupunda təmsil olunub.
O, fəaliyyəti boyunca ölkə daxili ilə yanaşı bir sıra ölkələrə ezam olunaraq kənd təsərrüfatı və qida təhlükəsizliyi sahələrində mövcud vəziyyət, problemlər, həlli yolları və inkişaf istiqamətlərinin analizlərini aparmış, qanunvericiliyin təkmilləşdirilməsi və strateji sənədlərin hazırlanmasında rol oynayıb.
Azərbaycan Respublikasının Ümumdünya Ticarət Təşkilatına üzvlük prosesi çərçivəsində İsveçrədə (Cenevrə) keçirilən İşçi Qrupunun iclaslarında ikitərəfli və çoxtərəfli danışıqlarda, İPPS və EPPO-nin sessiyalarında, konfranslarında iştirak edib, həmçinin Mərkəzi Asiya və Avropa-Aralıq Dənizi regionuna üzv ölkələrin iştirakı ilə keçirilən iclaslarda, o cümlədən, Latviya, Qazaxıstan, Türkiyə, Rusiya, Moldova, Fransa, Belçika, Niderland, İtaliya və s. ölkələrdə müzakirə və təlim proqramlarında qazandığı təcrübəni hər zaman gənc mütəxəssislərlə bölüşüb.
Xəyalə Dadaşova Çin Xalq Respublikasında “İpək yolu” təşəbbüsü çərçivəsində, Türkiyə Respublikasında Naxçıvanın sərhədyanı ticarət əlaqələrinə dair müzakirələrdə fəal olmaqla yanaşı, Hindistanda Baramaçılığın təşkili və ipəkçilik texnologiyası üzrə uzunmüddətli beynəlxalq təlim proqramlarında iştirak edib, həmçinin BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) layihələrində milli ekspert və koordinator seçilərək, kənd təsərrüfatının inkişafında, fermerlərin, sahibkarlıq subyektlərinin, həmçinin Dövlət Gömrük Komitəsinin əməkdaşlarının sahə üzrə bilik və bacarıqlarının artırılmasına dəstək verib.