Danimarkadaki Azərbaycan diasporu Novruz bayramını qeyd edib
Kopenhagen, 26 mart, Rauf Əliyev AZƏRTAC
Novruz bayramı münasibətilə Danimarkada fəaliyyət göstərən “Vətən” Cəmiyyətinin təşkilatçılığı ilə Kopenhagen şəhərində tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Danimarka yaşayan Azərbaycan icması ilə yanaşı, türkdilli xalqlarının diaspor təmsilçiləri, habelə yerli ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə cəmiyyətin sədri Səfər Sadiqi Novruz bayramının əhəmiyyətindən və fəlsəfəsindən söz açıb. Bildirib ki, bu tədbirlə rəhbərlik etdiyi cəmiyyət Danimarka ictimaiyyətinə ölkəmizin mədəniyyəti, milli adətləri, musiqisi və mətbəxini nümayiş etdirir, habelə krallığında yaşan azərbaycanlı və digər türk diaspor təşkilatlarını bir araya gətirərək onlara bayram sevinci bəxş edir.
Novruz bayramının xalqımızın mədəniyyətində və milli adət ənələrinindəki rolundan söz açan Səfər Sadiqi Azərbaycanın şanlı tarixi və zəngin mədəniyyətini özündə büruzə verən bu bayramın xalqımızın əsrlərdən bəri qoruyub saxladığı böyük bir dəyərə malik inci olduğunu bildirib.
“Vətən” Cəmiyyətinin sədr müavini Zaur Qubatov tədbir iştirakçılarını bayram münasibətilə təbrik edərək, bayramın əhəmiyyətindən söz açıb. Diaspor fəali deyib: “Şənlik və təntənəni özündə büruzə verən Novruz bayramı, xalqımızı dərin tarixi köklərə bağlayan ən sevimli bayramlardan biridir”.
Tədbir musiqi və əyləncəli proqramla davam edib.
Mərasimdə iştirakçılara milli mətbəximizin təamları təqdim olunub.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Kopenhagen