MƏDƏNİYYƏT
Danışma və eşitmə məhdudiyyətli uşaqlara işarət dilinə tərcümə edilmiş film təqdim olunub
Bakı, 1 iyun, AZƏRTAC
Nizami Kino Mərkəzində eşitmə və danışma məhdudiyyətli uşaqlara işarət dilinə tərcümə edilmiş “Madaqasqar” animasiya filmi və Azərbaycan Xalq Cümhuriyyətin yaranmasının 100 illiyi ilə bağlı çəkilmiş videoçarx təqdim olunub.
Kino Mərkəzindən AZƏRTAC-a bildirilib ki, təqdimatda eşitmə və danışma məhdudiyyətli uşaqlar, gənclər, valideynlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə surdotərcüməçi və təlimçi Könül Quliyeva çıxış edərək layihənin ərsəyə gəlməsində məqsədin eşitmə və danışma məhdudiyyətli gənclərin öz vətəninə, torpağına bağlılığını, sevgisini bildirmək üçün heç bir məhdudiyyətin olmadığını və onların əlləri ilə dedikləri bu vətənpərvərlik duyğularına az da olsa dəstək göstərməkdir.
Xatırladaq ki, Azərbaycanda ilk dəfə davamlı olaraq surdotərcüməli filmlər “Human Deaf Community”nin layihəsi əsasında və Nizami Kino Mərkəzinin dəstəyi ilə təmənnasız nümayiş olunur.