Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin professoru BDU-da mühazirə deyib
Bakı, 28 noyabr, AZƏRTAC
Özbəkistanın Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin professoru Nurbay Cabbarov Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsinin professor-müəllim heyəti, gənc tədqiqatçıları və tələbələri üçün “Türk dövlətlərinin ədəbi-mədəni və elmi əlaqələrinin formalaşmasında kitabxanaların rolu” mövzusunda mühazirə deyib.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.
Professor N.Cabbarov eyni soya, ortaq tarixə və mədəniyyətə malik xalqlarımızın dostluq və qardaşlıq münasibətlərindən danışıb. Özbəklərin hər zaman Azərbaycan ədəbiyyatına, mədəniyyətinə və elminə böyük maraq göstərdiyini vurğulayıb. Ölkələrimiz arasında əlaqələrin tarixindən bəhs edən N.Cabbarov Azərbaycan Prezidenti İlham Əliyevin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin səyləri ilə münasibətlərimizin ən yüksək səviyyəyə çatdığını bildirib. O, son illər elmi əlaqələrin genişləndiyini, xüsusilə BDU ilə Özbəkistan universitetləri arasında əməkdaşlıq haqqında müqavilələrin imzalandığını diqqətə çatdırıb.
Alimin mühazirəsində türk dövlətlərinin ədəbi-mədəni və elmi əlaqələrinin formalaşmasında, türk xalqlarının milli irsinin mühafizəsində kitabxanaların müstəsna rolundan bəhs olunub. Bildirilib ki, kitab və kitabxana mədəniyyəti sahəsində dünya mədəni irsinə mühüm töhfələr vermiş türk xalqları bu gün də həmin missiyanı uğurla davam etdirirlər. XX əsrin sonlarında müstəqilliklərini bərpa etdikdən sonra türk dövlətlərinin əlaqələrinin daha da inkişaf etdiyini qeyd edən professor bu sahədə türk mədəniyyəti və incəsənətinin inkişafı üzrə beynəlxalq təşkilat olan TÜRKSOY-un fəaliyyətini yüksək dəyərləndirib. Bu platforma çərçivəsində türk dövlətlərinin milli kitabxanalarının əlaqələrini xüsusi vurğulayıb. Alim qeyd edib ki, çağdaş dövrdə cəmiyyətin həyatında kitabxanaların rolu sürətlə artır, kitabxanalar artıq sadəcə kitab saxlayıcısı kimi deyil, sosial institut və mədəniyyət mərkəzləri funksiyasını da yerinə yetirirlər. N.Cabbarov müasir kommunikasiya sistemləri, onların gətirdikləri yeniliklər barədə dinləyicilərə ətraflı məlumat verib, ənənəvi kitabxanalarla elektron kitabxanaların müqayisəli təhlilini aparıb, elektron informasiya resurslarının türk xalqlarının inteqrasiyasındakı mühüm rolundan danışıb. Mühazirədə, həmçinin Özbəkistanda fəaliyyət göstərən kitabxanalar, onların tarixi, müasir iş metodları, fondları barədə ətraflı məlumatlar təqdim olunub.
Sonra professor Nurbay Cabbarov iştirakçıların suallarını cavablandırıb.