DAŞKƏNDDƏ KƏND TƏSƏRRÜFATININ İNKİŞAF ETDİRİLMƏSİ İLƏ ƏLAQƏDAR KONFRANS KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Daşkənddə Quraq Bölgələrdə Beynəlxalq Kənd Təsərrüfatı Tədqiqatları Mərkəzi (İCARDA) Orta Asiya və Qafqaz regional Proqramının təşəbbüsü ilə aqrar sahənin inkişaf etdirilməsinin elmi əsaslarına həsr olunmuş beynəlxalq konfrans keçirilmişdir.
Tədbirdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Hindistan, Ermənistan və Özbəkistanın kənd təsərrüfatı üzrə alim və ekspertləri iştirak etmişlər.
Konfransda bu ölkələrdə kənd təsərrüfatının inkişaf etdirilməsi məsələləri, torpağın məhsuldarlığının artırılması və onun meliorasiya vəziyyətinin yaxşılaşdırılması, su mənbələrindən səmərəli istifadə olunması, beynəlxalq miqyasda təcrübə mübadiləsi aparılmasının fəallaşdırılması və əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilmişdir.
Vurğulanmışdır ki, su mənbələrinin çatışmazlığı məsələsi bir çox ölkələr üçün probem olaraq qalır. Buna görə də su mənbələrindən səmərəli istifadənin təkmilləşdirilməsi kənd təsərrüfatının sabit inkişafı və ərzaq təhlükəsizliyi, ətraf mühitin mühafizəsi həmçinin ekoloji tarazlığın qorunmasına şərait yaradar.