Daşkəsəndə əhalinin tibbi müayinəsi uğurla davam etdirilir
Daşkəsən, 11 mart (AZƏRTAC). Əhalinin tibbi müayinədən keçirilməsi ilə bağlı Prezident İlham Əliyevin verdiyi tapşırığa əsasən Daşkəsəndə xüsusi komissiya və qərargah yaradılmış, səhiyyə ocaqlarında iş qrafiki tərtib olunmuşdur. Sakinlər mərkəzi rayon xəstəxanasında, eləcə də kəndlərdəki həkim məntəqələrində müayinə olunurlar.
Mərkəzi rayon xəstəxanasının baş həkimi Mirzəkərim Tağıyev AZƏRTAC-a demişdir ki, indiyədək əhalinin 7 min 295 nəfəri müayinədən keçmişdir. Onlardan 299 nəfəri ambulator müalicəyə, 14 nəfəri isə stasionar müalicəyə cəlb edilmişdir. Daha 22 nəfər Bakıdakı ixtisaslaşmış tibb müəssisələrinə göndərilmişdir.
Qrafikə əsasən müayinələrə ilk növbədə, idarə, müəssisə və təşkilatların kollektivləri cəlb olunurlar. Həkim briqadaları məktəb və uşaq bağçalarında da müayinələr aparır, yaşlı insanlara evlərində tibbi xidmət göstərirlər.