“Davam” Gənclər Hərəkatının üzvləri Gəncədə Ermənistanın müharibə cinayətləri ilə tanış olublar
Gəncə, 10 avqust, E.Məmmədov, AZƏRTAC
“Gənc liderlər üçün Yay Universiteti” layihəsi çərçivəsində Gəncəyə səfər edən “Davam” Gənclər Hərəkatının üzvləri Gəncədə erməni terroru nəticəsində çoxsaylı dinc sakinin öldüyü, yaralandığı və böyük dağıntıların yarandığı əraziyə gəliblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tanışlıq zamanı işğalçı Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il Cenevrə konvensiyalarını və onların Əlavə protokollarını, habelə özlərinin israrlı xahişləri əsasında Moskvada keçirilmiş görüşün yekunu olaraq razılaşdırılmış humanitar atəşkəs rejiminin tələblərini pozaraq Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutması barədə məlumat verilib. Qeyd olunub ki, əhalinin sıx yaşadığı ərazilərə “Toçka-U”, “Smerç”, “Skad” və digər raketlərlə gecə saatlarında hücumun həyata keçirilməsi çoxlu sayda dinc sakinin qətlə yetirilməsi məqsədi daşıyıb. Dinc vətəndaşların məqsədyönlü şəkildə hədəfə alınması insanlığa qarşı cinayətdir və Ermənistan beynəlxalq hüquqa məhəl qoymadan müharibə cinayətlərini davam etdirib.
Qonaqlar həlak olan dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq erməni terroru nəticəsində dağıdılmış yaşayış binasının ətrafına gül dəstələri düzüblər.